BANM-ın tələbələri Kompleks Qazma İşləri Trestində işləyəcək

13:54 - 12.04.2018


Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Kompleks Qazma İşləri Tresti və tələbələr arasında görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Trestin Qazma departamentinin rəisi Əli İsayev, Xarici əlaqələr şöbəsinin rəisi Orxan Qurbanzadə, qazma mühəndisi Orxan Salmanov və digər məsul əməkdaşları, həmçinin Ali Məktəbin II, III və IV kurs “Neft-qaz mühəndisliyi”  ixtisasının tələbələri iştirak ediblər.

Görüşü Ali Məktəbin rektoru Elmar Qasımov öz səmimi sözlərilə açaraq qazma işləri və qazma mühəndislərinin neft sənayesində ən böyük rola malik olduğunu qeyd edib. Bu cür məsuliyyətli peşəyə kadr axtararkən  BANM-ın tələbələrinə üstünlüik verilməsindən sevindiyini bildirən Elmar Qasımov bu etimada görə Kompleks Qazma İşləri Trestinin rəhbərliyinə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, neft-qaz sektoru üzrə yüksək ixtisaslı, ingilis dilli mühəndislər hazırlayan BANM-ın tələbələrinin ən çətin işin öhdəsindən gələ biləcəyinə əmindir.

Kompleks Qazma İşləri Trestinin Qazma departamentinin rəisi Əli İsayev isə öz çıxışında şirkət və onun fəaliyyəti haqqında məlumat verib, tələbələrə onlar üçün yaradılacaq şəraitdən, istehsalat təcrübələrindən və iş imkanlarından söz açaraq onları doğma SOCAR-a çalışmağa ruhlandırıb.

Daha sonra Kompleks Qazma İşləri Trestinin qazma mühəndisi Orxan Salmanov tələbələrə Trestin fəaliyyətini geniş şəkildə başa salmaq üçün böyük təqdimatla çıxış edib. Şirkətin məqsədi, strukturu və dörd istiqamətli fəaliyətindən ətraflı danışan mühəndis, Trestin dənizdə 318, quruda isə 483 quyusunun olduğunu bildirib. Orxan Salmanov qeyd edib ki, Kompleks Qazma İşləri Tresti BANM-ın 30-a yaxın tələbəsini istehsal təcrübəsinə cəlb edərək qazma işlərinin dərinliklərini öyrətməyə hazırdır. Eyni zamanda o qeyd edib ki, 5-ci kurs tələbələrinin də qazma mühəndisi olaraq işə götürülməsi nəzərdə tutulmuşdur.

Görüş tələbələrlə qonaqlar arasında sual-cavab və müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz əraziləri üzrə SOCAR-a məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır.

 

Bütün xəbərlər