2018-ci ilin 1-ci rübündə Azərbaycan əhalisi 8,5 milyard manatlıq mal əldə edib

16:28 - 13.04.2018


13 aprel, Fineko/abc.az. Azərbaycan əhalisi 2018-ci ilin I rübündə istehlak mallarının pərakəndə ticarətində 8,491,7 milyon manat məbləğində mal əldə edib.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, bu, 2017-ci ilin eyni dövrünün göstəricisindən 2,6% çoxdur.

2018-ci ilin 1-ci rübündə Azərbaycan əhalisi  4,3 mlrd. manat məbləğində ərzaq məhsulları, içki və tütün məmulatları,  4,2 milyard manat məbləğində isə qeyri-ərzaq malları əldə edib.

Hesabat dövründə pərakəndə satış şəbəkəsində istehlak xərclərinin 45,7%-i qida məhsulları, 5%-i içkilər və tütün məhsulları, 17,7%-i tekstil məhsulları, geyim və ayaqqabı, 6%-i elektrik avadanlıqları və mebel, 5,7%-i - avtomobil yanacağı, 1.2%-i əczaçılıq və tibbi məhsullar, 0.7%-i kompüter, telekommunikasiya və çap avadanlığı, 18% -i digər qeyri-ərzaq məhsulların payına düşüb.

Birinci rübdə adambaşına orta aylıq pərakəndə ticarət həcmi 289,2 manat təşkil edib ki, bu da nominal ifadədə  2017-ci ilin eyni dövründəki göstəricidən 16,8 manat çoxdur.

2018-ci ilin yanvar-mart aylarında ərzaq məhsullarının, içkilərin və tütün məhsullarının alınması üzrə adam başına düşən xərclər 146,6 manat, qeyri-ərzaq mallarının alınması üçün isə 142,6 manat təşkil edib.

 

 

Bütün xəbərlər