Birinci vitse-prezident gənc ixtiraçılarla görüşüb

16:40 - 13.04.2018


13 aprel, Fineko/abc.az. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar - dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb.

Görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və irəlidəki  planları haqqında təfərrüatı ilə məlumat verdilər. Qeyd edilmişdir ki, “Reynerci” – yağış suyunu  elektrik enerjisinə çevirən cihazdır. Onların ixtira etdiyi  cihaz, gələcəkdə alternativ enerji mənbələrinin inkişafı üçün böyük imkanlar yarada bilər.

Xatırladaq ki, “İstək” liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhra  tərəfindən birgə ixtira edilmiş  “Reynerci” cihazı, Qlobal Sahibkarlıq Sammiti - 2017-də  böyük marağa səbəb olub, ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp tərəfindən xüsusi  qeyd edilmişdir.

Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, Azərbaycanda belə gənc  istedadların  olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. O, ölkəmizdə bu cür gənc nəslin formalaşması ilə fəxr etdiyini vurğulayaraq, dövlət tərəfindən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd etdi.

 

 

Bütün xəbərlər