Azərbaycan Turizm Assosiasiyası Rusiyada turizmin inkişafı ilə bağlı təkliflərin hazırlanmasında iştirak edəcək

16.04.2018,15:31


16 aprel, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA) Rusiyada turizmin inkişafı üzrə təkliflərin hazırlanmasında iştirak edəcək.

AZTA-nın rəhbəri  Nahid Bağırov Rusiyanın Azərbaycanda ticarət nümayəndəsi Eldar Tlyabiçevi və “Rusiya eksport mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyevi qəbul edib.

“Görüş zamanı tərəflər mövcud turizm əlaqələrini və onların inkişaf perspektivlərini müzakirə ediblər. Qonaqlar qeyd ediblər ki, turizmin inkişafı məsələsi 2017-ci ilin sentyabr ayında keçirilmiş VIII Rusiya-Azərbaycan regionlararası forumunun əsas mövzusundan biri olub”, - məlumatda belə deyilir.

Eldar Tlyabiçev qeyd edib ki, Rusiya tərəfi  turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır, belə ki, qisa zaman ərzində turizm sektorunun inkişafı, turist axınının, xüsusilə də varlı turistlərdən sayılan, ərəb turistlərinin cəlb edilməsi yaxşı göstəricidir.

“Rusiya eksport mərkəzi”nin rəhbəri Nuri Quliyev qeyd etdi ki, növbəti Rusiya-Azərbaycan Regionlararası Forum sentyabr ayında Gəncədə keçiriləcək. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin razılığı əsasında Rusiya tərəfi əlaqəli turizm münasıbətlərinin inkişafı üçün təklıflər hazırlayıb forum iştirakçılarına təklif etməlidir.

Qonaqlar bu təklifləri hazırlamaqda Azərbaycan Turizm Assosiasiyasıının dəstəyinə ümidvar olduqlarını qeyd etdilər.

Nahid Bağırov rusiyalı mütəxəssislərə AZTA-nın yardım etməyə hazır olduğunu qeyd etdı və Azərbaycanın turizm modelinin inkişafı, eləcə də son illər turizm inkişafının yerlı və xarici iqtisadi münasibətlərin inkişafına tövhəsi barədə danışdı.

 

 

Açar sözlər: AZTA