Zəfər günümüzün qəhrəmanı - Pərvizin döyüş yolu

10:34 - 8.11.2021


8 noyabr, Fineko/abc.az. Bu gün Vətən müharibəsinin ildönümü ölkədə Zəfər bayramı kimi qeyd olunur. 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olanlar anılır, xüsusi tədbirlər keçirilir.

ABC.AZ olaraq 44 günlük savaşda qəhrəmanlıq göstərən hərbçilərimizi sizə təqdim edirik.

Vətən müharibəsinin əsas qəhrəmanlarından Pərviz Əli 18 yanvar 1998-ci ildə Daşkəsən rayonunda doğulub.  2020-ci ildə Ali məktəbi bitirib, hərbi xidmətə yollanan Pərviz hərbi xidmətdən əvvəl də düşmənin dili, köhnə erməni coğrafiyası, onların cəmləşmə rayonları ilə maraqlanan qəhrəmanlarımızdandır.

44 günlük müharibədəki qələbəmizdə əməyi keçənlərdən olan Pərvizin hərbi xidmət zamanı hərbi biliklərə yiyələnməyə çox böyük həvəsi olub. O  döyüşlərdə sentyabrın 27-dən oktyabrın 7-nə qədər iştirak edə bilib. Belə ki, Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərə qatılan hərbçimiz oktyabrın 7-i mühasirəyə düşüb. Həmin döyüşlərdə başından snayper gülləsi ilə vurulan Pərviz 8 saatdan artıq vaxtda mühasirədə qalıb. Bu səbəbdən xeyli qan itirən qəhrəmanımız oktyabrın 8-i helikopter vasitəsilə Bakıdakı Hərbi Hospitala çatdırılıb. O, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Füzuli və Şuşanın azadlığı uğrunda medalları ilə təltif olunub.

Müəllif: Elmir Murad


Bütün xəbərlər