“Yaşıl dəhliz”dən daimi istifadə hüququ verilən xarici ticarət iştirakçılarının sayı açıqlanıb

16:57 - 19.11.2021


19 noyabr, Fineko/abc.az. “Yaşıl dəhliz” buraxılış sistemində daimi istifadəçi statusunu əldə edən biznes subyektləri idxal-ixrac əməliyyatları zamanı xüsusi üstünlüklərə malikdirlər. Belə biznes subyektləri ölkə ərazisinə idxal olunan malları birbaşa anbarlarına apara, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrini (plombları və sair) müstəqil qaydada çıxarıb mallarını boşalda bilərlər.
Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müsahibəsində deyib.

O bildirib ki, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən 1033 xarici ticarət iştirakçısı müraciət edib. Bunlardan 262 xarici ticarət iştirakçısına ixrac əməliyyatları üzrə, 482 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə isə 744 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

© Azertag

Bütün xəbərlər