Cari ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

12:07 - 18.04.2018


İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirlərinin davamı olaraq, bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Həmin vətəndaşlardan 750 nəfəri əvvəllər peşə və ya ixtisasları olmayan, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmayan şəxslər olduğundan Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə onlar üçün əmək bazarında rəqabətqabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Peşə tədrisində  ənənəvi təlim üsulları ilə yanaşı, modul təlim proqramları da tətbiq olunur ki, bu da müvafiq peşələrin daha asan və nəzəri biliklərlə yanaşı, praktik bacarıqların aşılanması yolu ilə qısa müddətdə öyrədilməsinə imkan yaradır.

Son üç ayda 36 nəfər sağlamlıq imkanları məhdud gənc isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə təliminə qəbul olunub. Mərkəzdə təlimə qəbul edilən gənclər burada dövlət hesabına yataqxana və yeməklə, tibbi-fizioterapevtik xidmətlə də təmin olunur və sosial reabilitasiya yönümül tədbirlərə cəlb olunurlar.

Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən bütün şəxslərə peşə sertifikatları da təqdim edilir və onların yeni peşələri üzrə məşğulluğunun təminatı üçün müvafiq işlər aparılır.

Yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasında onların işəgötürənlərin tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi mühüm rol oynayır. Gənclərə bu sahədə köməklik göstərilməsi üçün Dövlət Məşğulluq Xidməti tərəfindən peşəyönümü tədbirləri davam etdirilir. Yanvar-mart aylarında bu tədbirlərə əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 262 nəfər gənc cəlb olunub. Onlara mövcud əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar, gələcəkdə uğurlu karyera qurmaları məqsədilə peşəyönümü məsləhətləri verilib.

 

 

Bütün xəbərlər