BANM və ATL Tech şirkəti arasında razılaşma imzalandı

12:16 - 18.04.2018


Bakı Ali Neft Məktəbi (BANM) və infromasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən ATL Tech şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. İmzalanma mərasimində BANM-ın rektoru Elmar Qasımov, ATL Tech şirkətinin icraçı direktoru Rəşad Mirzəyev, texniki direktoru Vurğun Hacıyev, təlim üzrə koordinatoru Xanım Axundova, həmçinin Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirdə rektor Elmar Qasımov qonaqları salamlayaraq İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təklif edən ATL Tech şirkəti ilə BANM-ın münasibətlərinin bu qədər inkişaf etməsindən məmnun olduğunu bildirib. Rektor  Ali Məktəbin tələbələrindən iki nəfərin artıq bu şirkətin əməkdaşı olduğunu bildirərək digər tələbələri də şirkətin BANM-ın tələbələri üçün yaratdığı xüsusi təcrübə proqramlarından yararlanmağıa və bu sahədə biliklərini artırmağa çağırıb.

Daha sonra ATL Tech-in texniki direktoru Vurğun Hacıyev tədbir iştirakçılarına şirkətin fəaliyyətindən bəhs edən geniş təqdimat edib. O bildirib ki, ATL Tech şirkəti ən qabaqcıl texnologiyaları tətbiq etməklə, şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edir. Şirkətin İT təhlükəsizliyi, məlumat mərkəzləri üzrə həllər, texnoloji konsaltinq, proqram təminatının hazırlanması, mobil tətbiqlərin hazırlanması kimi xidmətlər göstərdiyini bildirən Vurğun Hacıyev, hazırda ATL Tech şirkəti tərəfindən BANM-ın tələbələri üçün Təcrübə proqramlarının olduğunu qeyd edib. Təcrübə proqramı haqqında ətraflı məlumatı tələbələrin diqqətinə çatdıran texniki direktor, gənc mühəndis-tələbələrə ATL Tech-in komandası tərəfindən hər cür dəstəyin göstəriləcəyini bildirib. Təcrübə proqramını bitirən tələbələr daha sonra öz istəklərinə uyğun olaraq şirkətin əməkdaşı olaraq çalışa bilərlər.

Təqdimatdan sonra ATL Tech şirkətinin icraçı direktoru Rəşad Mirzəyev və

BANM-ın rektoru Elmar Qasımov iki müəssisə arasında əməkdaşlıq haqqında razılaşma imzalayıblar. Razılaşmada tərəflər arasında görüləcək işlər və öhdəliklər təsvir olunub.

Sonra ATL Tech-in əməkdaşı, həmçinin BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Əmiraslan Baxşılı şirkətdə öz təcrübəsi, gördüyü işlər haqqında təəssüratlarını öz tələbə yoldaşları ilə paylaşıb.

Sonda tələbələr ATL Tech-in nümayəndələrinə təcrübə proqramları və görülən işlərlə bağlı suallar ünvanlayıblar.

 

Bütün xəbərlər