“Azərsu” əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirir

15:56 - 24.11.2021


24 noyabr, Fineko/abc.az. “Azərsu” ASC Abşeron yarımadası və regionlarda əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə dövlət investisiyası ilə yanaşı daxili imkanlar hesabına da bir sıra layihələr həyata keçirir. 

ABC.AZ xəbər verir ki, cari ilin 10 ayı ərzində “Azərsu” ASC-nin daxili imkanları hesabına Hacıqabul rayonunun Qarasu və Qızılburun, Saatlı rayonunun Nərimanov kəndi və məcburi köçkün qəsəbəsi, Tovuz rayonunun Düz Cırdaxan, Gədəbəy rayonunun Tərsyer, Goranboy rayonunun Abbasqulular, Qobustan rayonunun Sündü, Şamaxı rayonunun Bağırlı və Küdrəki, Siyəzən rayonunun Sədan və Eynibulaq, Neftçala rayonunun Abbasalı, Tatarməhlə, Uzunbabalı və Mirzəqurbanlı, Biləsuvar rayonunun Xırmandalı kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması üzrə layihələr həyata keçirilib. 

Bundan başqa, Bakı şəhərinin Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarında, Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı rayonlarının 16 qəsəbəsində layihələr həyata keçirilib və sakinlərin problemi həll edilib. Bakı şəhəri və Abşeron yarımadası, həmçinin regionlardan daxil olmuş müraciətlər əsasında şəhid ailələrinin və qazilərin su təminatının yaxşılaşdırılması ilə bağlı zəruri işlər görülüb.

Bütün xəbərlər