“Azərtütün” ASC səhmlərinin yarıdan çoxunu satdı

30.11.2021,17:24


30 noyabr, Fineko/abc.az  Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 oktyabr 2021-ci il tarixində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC- nin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edilib.

ABC.AZ xəbər verir ki, 18 noyabr 2021-ci il tarixində Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb. Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə “Tabaterra Leaf” QSC “Azərtütün” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqə qalibi ilə 25 noyabr 2021-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6.400.000 manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 8.200.000 manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsinin təmin edilməsini üzərinə götürüb.