Nazirlər Kabineti AQTA-ya tapşırıq verdi - Bunlara əməl edilsin

02.12.2021,16:38


2 dekabr, Fineko/abc.az. Nazirlər Kabineti aidiyyəti dövlət qurumlarına Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq verib.

Bu qurumlardan biri də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Əkbər Əliyev bildirib ki, dekabrın sonundan korporativ tədbirlərin, Yeni il şənliklərinin keçirilməsi ilə bağlı ictimai iaşə müəssisələri, mehmanxanalarda fəaliyyət göstərən restoranlar, həmçinin şənlik mərasimlərinin keçirildiyi saraylarda sifarişlər qəbul olunur.

Buna görə də AQTA koronavirus profilaktikasının yerlərdə icra vəziyyətinin yoxlanılması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə monitorinqləri artırıb: “Burada əsas məqsəd həmin yerlərdə çalışan personalın COVİD-19 pasportuna malik olub-olmadığının yoxlanılmasıdır. Nazirlər Kabinetinin 237 nömrəli qərarı ilə təsdiq edilmiş sıxlıq normalarına riayət olunub-olunmaması və profilaktik tədbirlərlə əlaqədar digər tələblərlə bağlı vəziyyət də araşdırılacaq, monitorinq ediləcək”.