Gorus-Qafan yolundakı postdan milyonlarla manat rüsum yığılıb

07.12.2021,17:10


7 dekabr, Fineko/abc.az. Gorus-Qafan yolunda qurulan Qubadlı gömrük postundan keçən nəqliyyat vasitələri “Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq gömrük rüsumu və Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq yol vergilərinə cəlb olunur.

Bu vergilər toplanaraq dövlət büdcəsinə ötürülür. ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Baku TV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, post vasitəsilə milyonlarla vəsait toplanaraq büdcəyə köçürülüb: “Gorus-Qafan yolunda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qubadlı rayonunun Eyvazlı kəndinin magistral yola yaxın hissəsində gömrük postunun yaradılması haqqında Dövlət Gömrük Komitəsi sədrinin 10 sentyabr tarixli müvafiq sərəncamı oldu. Bu sərəncamın icrasından irəli gələrək tərəfimizdən sərhəd keçid məntəqəsinin fəaliyyətə başlanması üçün bütün lazımı maddi-texniki ehtiyacların qarşılanması üçün addımlar atıldı. Postun qurulması istiqamətində şəxsi heyətin formalaşdırılması, müvafiq texniki avadanlıqlarla təchizat, rabitənin yaradılması istiqamətində internet şəbəkəyə çıxışın, DGK-nin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə çıxışın təmin olunması tərəfimizdən həyata keçirildi".