Ağdam Azərbaycanın 4-cü şəhəri olacaq - Emin Hüseynov

15:00 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Ağdam şəhərində iki böyük küçə nəzərdə tutulur ki, onun da birinin eni 60 metr, digərinki isə 55 metr olacaq. Bu o deməkdir ki, küçələr boyu həm yaşıllıq, həm də avtobus, piyada və velosiped yolları olacaq.

ABC.AZ xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq" qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, Ağdamın Baş plan 2040-cı ilədək Ağdam şəhərinin əsas planıdır:

“Bu plana əsasən şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artır. 1750 hektara yaxın ərazi nəzərdə tutulub. Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək. Yəni 100 min əhali sayına malik olacaq. Şəhərin ərazisində bir çox müxtəlif sosial, mədəni, fiziki, iqtisadi infrastruktur obyektləri inşa olunacaq. Ağdamda əhalinin orta sıxlığı bir hektara təxminən 57 nəfər nəzərdə tutulub. Müqayisə üçün deyək ki, məsələn Sumqayıt şəhərində bir hektara 230 nəfər adam sayı düşür. Amma ikinci böyük şəhərimiz olan Gəncədə orta sıxlıq bir hektara 61 nəfərdir. Yəni Ağdam öz müasirliyi və urbanizasiya səviyyəsinə görə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq. Yəni Bakının indiki müasir görünüşü necədirsə elə. Amma belə desək, sıxlığına, konsentrasiyasına görə daha çox Gəncə təəsüratını yaradacaq".

 

Bütün xəbərlər