Azərbaycanda həkimlərin peşə məsuliyyətinin icbari sığortasını tətbiq etmək təklif olundu

20.04.2018,12:59


20 aprel, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) yeni növ icbari peşə sığortası tətbiq etməyi təklif edir.

ASA-nin məlumatında deyilir ki, həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun iclası keçirilmişdir.

“Görüşdə həkimlərin peşə məsuliyyətinin icbari sığortasını tətbiq etmək təklif olundu, çünki hazırda bu cür sığortanın könüllü növündən istifadə olunur və bu yenilik həm həkimlər, həm də pasiyentlər üçün əhəmiyyət kəsb edəcək”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, həkimlərin peşə məsuliyyətinin icbari sığortasını tətbiq etməkdə məqsəd, həkimlərin xətalarının təzminatını təmin etmək, habelə həkimlərin mənəvi müdafiəsini və nüfuzunu təmin etməkdir.

İcbari sığortanı əsasən özəl tibb müəssisələrində tətbiq etmək, “Əhalinin sağlamlığı haqqında” qanuna və icbari sığorta qaydalarına düzəlişlər  etmək təklif edilmişdir. Müzakirələrdən sonra beynəlxalq təcrübənin öyrənilməsi ilə Azərbaycan modelini inkişaf etdirmək qərarı verildi.