SOCAR-ın “Şahdəniz” layihəsində iştirak payı 14,35%-ə yüksəlib

14:58 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində iştirak payını artırır.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, “Petronas” şirkəti “Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişindəki payını satmağa qərar verəndən sonra, layihənin tərəfdaşları arasında saziş üzrə üstünlük hüquqlarına dair müddəalara uyğun olaraq, SOCAR “Petronas” şirkətinə məxsus olan 4,35 %-lik iştirak payını alıb. “Petronas” şirkətinə məxsus 15,5 %-lik iştirak payının qalan hissəsi “Şahdəniz” layihəsində iştirak edən “LUKOIL” və BP şirkətləri tərəfindən satın alınıb.

Bununla da SOCAR-ın “Şahdəniz” layihəsində birbaşa iştirak payı 14,35 %-ə yüksəlir. Bu şərtlər nəzərə alınmaqla müvafiq sazişin 2022-ci ilin yanvar ayında qüvvəyə minməsi gözlənilir.

Bundan əlavə, səhmlərinin 51 %-i Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və 49 %-i SOCAR-a məxsus Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti də “Şahdəniz” layihəsində 6,67 % iştirak payına malikdir.

 

Bütün xəbərlər