Azərbaycan hökumətinin yeni tərkibi təsdiqləndi

10:48 - 23.04.2018


23 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev hökumətin yeni tərkibini təsdiq edib.

Dövlət başçısının sərəncamına əsasən,  Baş nazirin birinci müavini  Yaqub Eyyubov,  Baş nazirin müavinləri   Əli Əhmədov, Əli Həsənov və Bakının keçmiş meri Hacıbala Abutalıbov  təyin edilib.

Azərbaycanın yeni kənd təsərrüfatı naziri vəzifəsinə, Heydər Əsədovu əvəz edən İnam Kərimov təyin edilib. İnam Kərimov daha öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsini tuturdu.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yerinə, daha öncə iqtisadiyyat nazirinin müavini vəzivəsində çalışmış Sahil Babayev təyin edilib. Daha öncə  Mənzil İnşaatı Dövlət Agentliyinə rəhbərlik edən Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzivəsinə təyin edildi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə deputat Rövşən Rzayev təyin edilib.

Həmçinin, dövlət başçısı, daxili işlər naziri Ramil Usubovu, energetika naziri Pərviz Şahbazovu, ədliyyə naziri Fikrət Məmmədovu, fövqaladə hallar naziri  Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarovu, iqtisadiyyat naziri Şahin Mustafayevi, maliyyə naziri Samir Şərifovu, müdafiə naziri Zakir Həsənovu, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və vergilər naziri Mikayıl Cabbarovu təsdiq edib.

Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Mədət Quliyev,  Xarici Kəşfiyyat Xidmətinin rəisi  vəzifəsinə isə Orxan Sultanovu təyin edib.

Azərbaycanın yeni Baş naziri vəzifəsinə, daha öncə xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışmış Novruz Məmmədov təyin edilib.

 

 

Bütün xəbərlər