Rusiyaya ixrac etdiyimiz kənd təsərrüfatı məhsullarının həcmi artırılıb

10:20 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, tərəflər 2021-ci ildə AQTA ilə "Rosselxoznadzor" arasında əməkdaşlığın yekunlarına dair fikir mübadiləsi aparıb, görüşdə  təsərrüfatlarda aparılmış 2603 monitorinqin yekun nəticəsi ilə bağlı AQTA-nın Rosselxoznadzora müraciəti əsasında 212 pomidor, 76 alma istehsalı müəssisəsindən Rusiya Federasiyasına məhsul ixracına icazə verildiyi, həmçinin 1 yanvar – 26 dekabr 2021-ci il tarixləri ərzində Rusiya Federasiyasına ümumilikdə 138 117 ton pomidor, 62 319 ton alma məhsulunun ixrac olunduğu diqqətə çatdırılıb.

S.Dankvert qeyd edib ki, cari ildə Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artırılıb. Belə ki, nektarin ixracı 3 dəfə (ötən il 4,3 min tona qarşı 12,9 min ton), şaftalı ixracı 3 dəfə (3,1 min tona qarşı 9,5 min ton), armud ixracı 2,9 dəfə (1,8 min tona qarşı 5,3 min ton), ərik ixracı 2,8 dəfə (712 tona qarşı 2 min ton) artıb.

O cümlədən ölkəmizdən Rusiyaya üzüm ixracı üzrə 44% (6,5 min tona qarşı 9,4 min ton), xurma ixracı üzrə 33% (102,1 min tona qarşı 136,2 min ton), nar ixracı üzrə 24% (12 min tona qarşı 14,9 min ton), kartof ixracı üzrə isə 23% (69 min tona qarşı 85 min ton) artım qeydə alınıb.

 

Bütün xəbərlər