Bir sıra hotellər xidmətlərin sayına görə iddia etdikləri ulduz dərəcəsini ala bilmədilər - Fuad Nağıyev

16:40 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Turizmin inkişafını yalnız infrastrukturlarla bağlamaq olmaz. Turizm kompleks bir sahə olduğundan, bu sahənin inkişafı üçün də kompleks yanaşma mütləqdir. Başqa sözlə, infrastrukturla təklif edilən xidmətlər üst-üstə düşməlidir. Xidmət səviyyəsinin keyfiyyəti hotellərin ulduz dərəcələri ilə birbaşa əlaqəlidir. Pandemiya dövründə hotelçilik də ağır bir sınaqdan keçdi.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib.

Agentlik sədri qeyd edib ki, burada hotelçilik sahəsində fəaliyyət göstərən ictimai birlik və assosiasiyaların da xidmətləri böyükdür: "Azərbaycan Akkreditasiya Mərkəzi Azərbaycan Turizm Bürosuna uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya atestatı verdikdən sonra Büro Azərbaycan Hotel Assosiasiyası ilə birlikdə Milli Ulduz Təsnifatını işləyib hazırladı. Artıq ölkədə fəaliyyətdə olan 17 hotel bu sistemə uyğun qiymətləndirilərək ulduz dərəcəsini əldə edib. Bu prosesdə əsas məqam şəffaflığın təmin edilməsi idi. Ulduzlaşma prosesinin uzun çəkməsinin əsas səbəblərindən biri də bununla bağlı idi. Məqsəd ölkənin turizm imicinin qorunması olduğu üçün bu sahədə dürüst yanaşma mütləqdir. Təəssüfə qeyd etməliyəm ki, ilkin qiymətləndirmələrə əsasən bir sıra hotellər hazırda malik olduqları şərait və təklif etdikləri xidmətlərin sayı və keyfiyyətinə görə iddia etdikləri ulduz dərəcəsini ala bilmədilər. Bunu nəzərə alaraq, Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının iştirakı ilə hotellərə konsultativ dəstəyin göstərilməsini təmin edəcək”.

 

Bütün xəbərlər