Bakıda daşınmaz əmlakın qiyməti azalacaq ya artacaq? - Gözləntilər

15:44 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. “Bu il də ötən ildə olduğu kimi Bakının daşınmaz əmlak bazarında qiymətlərin artacağı gözlənilir".

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyib.

E.Fərzliyev bildirib ki, bunun səbəbi həm tikinti materiallarının qiymətlərinin artması, həm də paytaxtda tikintiyə yararlı torpaq sahələrinin az olmasıdır:

“Digər tərəfdən, artıq tikinti şirkətləri daha çox istismar müddətini bitirmiş köhnə 4-5 mərtəbəli binaları söküb onların yerində yeni binalar tikirlər. Bu zaman onların qazancı əvvəlkindən daha az olur. Çünki bir binanı sökərkən tikinti şirkəti məcburən həmin binanın sakinlərinə bina tikilib təhvil verilənə qədər kirayə pulu ödəyir. Daha sonra həmin sakinlərə həmin binadan daha geniş kvadratlı, tam təmirli mənzil verilir. Bir 4 bloklu beş mərtəbəli binada 60 mənzil varsa, onu söküb yerində yeni bina tikəndə şirkət binadakı mənzillərin yarıdan çoxunu sakinlərə verməli, digərlərini satıb qazanc götürməlidir. Bu isə şirkətlər üçün əlverişli olmadığına görə, məcburən onlar mənzillərin kvadratmetrinə görə qiymətlərini artıracaq”.

 

Bütün xəbərlər