Bu kanalın Azərbaycanda yayımı dayandırıldı - Detallar

14:27 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) müraciət daxil olub.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu barədə “Teleradio” İstehsal Birliyindən bildirilib.

Qeyd olunub ki, müraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb.

“Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1-in yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib”, - İB-dən bildirilib.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırılıb.

 

Bütün xəbərlər