"Ştutqart" şirkətinin sahibi barədə araşdırmalar başladı - Baş Prokurorluq məlumat yaydı

13.01.2022,12:33


13 yanvar, Fineko/abc.az. Baş Prokurorluq Milli Məclisin sabiq deputatı, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi faktı üzər aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.

Qurumun Mətbuat Xidmətindən ABC.AZ-a bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.

Qeyd edilən əraziyə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb və xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv və şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.

Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.