Mərkəzi Bank dollar alışını məhdudlaşdırıb ya özəl banklar? - İddia

14:23 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, amma bizim banklarımızdan dollar almaq xeyli çətinləşib (bəziləri ümumiyyətlə satmır).

ABC.AZ-ın məlumatına görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi (1,7) ilə alır.

"Gəlin, bu tapmacaların cavabını tapmağa çalışaq. Əvvəla, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar da. Deməli, ala bilmirlər, Mərkəzi Bank satışı məhdudlaşdırıb.

Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika artır. Dollara tələbat da artır. Devalvasiyanın olacağı haqda söz-söhbət də artır. Axı 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi", - deyə ekspert qeyd edib.

Bütün xəbərlər