Yeni devalvasiya ola bilərmi? - Əkrəm Həsənovdan açıqlama

18.01.2022,14:44


18 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ekspert Əkrəm Həsənov dollar alışına məhdudiyyətlərin qoyulması barədə şərh verib.

ABC.AZ-ın məlumatına görə, Ə.Həsənov dollara qoyulan məhdudiyyətin devalvasiyaya səbəb olub-olmayacağı ilə bağlı ritorik sual da verib.

"Yəni devalvasiya olacaq? Böyük ehtimalla olmayacaq! Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır: iqtisadi problemlər və sosial narazılıq arta bilər. Bəs onda nə baş verir? Yeganə ehtimal qalır: kimlərsə "qara bazar"a pas ötürür, yəni onu təşviq edir. Dollara çox ehtiyacı olanlar (əsasən sahibkarlar) naəlac qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dolları alır. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20000 manatlıq limitin nəticələrindən biri elə "qara bazar"ın aktivləşməsidir. Kimlərsə yaman himayə edir bu "qara bazar"ı.

Kimdir bu kimlər? Cinayətkarlar? Ola bilər! Amma o da ola bilər ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər.

Misal üçün, məsələni yuxarılarda elə təqdim edilər ki, guya bir güllə ilə iki quş vururlar:

1) devalvasiya baş vermir və əhalinin mütləq əksəriyyətinin narazılığı baş vermir (sadə insanların xırda dollar ehtiyacları qarşılanır);

2) valyuta ehtiyatları çox ərimir, çünki iri dollar satışları "qara bazar" vasitəsilə yüksək məzənnə ilə satılır", - deyə Ə. Həsənov qeyd edib.