Bakıda yüksəkgərginlikli hava elektrik verilişi xətləri yeraltına keçirilir

14:47 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. Heydər Əliyev prospektinin Sabunçu rayonunun ərazisindən keçən və Hava Limanı yolunda bir neçə dəfə kəsişən, o cümlədən ərazidəki yaşayış massivlərində movcud olan yüksəkgərginlikli 110 kilovoltluq hava elektrik verilişi xətləri  demontaj edilərək yeraltı kabel xəttinə keçirilir.

ABC.AZ xəbər verir ki, 110 kilovoltluq “Ramana” yarımstansiyasının ikidövrəli olmaqla 8 istiqamətdə giriş-çıxış xətləri ümumilikdə 10 km uzunluqda, tək damarlı olaraq isə 32 km məsafədə müasir tələblərə cavab verən kabel xətləri ilə əvəz olunur və Heydər Əliyev prospekti və digər yollarla kəsişmədə tunel tipli keçidlər tikilir.

Qeyd edək ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, hava limanı yolunun estetik görünüşünə də xələl gətirirdi.

Yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli Hava Limanı yolu qazılmayacaq və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən böyük həcmli borular xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin altı ilə keçiləcək.

 


Bütün xəbərlər