Azad olunmuş daha iki şəhərə su verilməyə başlandı - “Azərsu” işləri davam etdirir

21.01.2022,15:39


21 yanvar, Fineko/abc.az. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və xidmətin təşkili  istiqamətində işləri davam etdirir.

Əlaqələndirmə Qərargahından ABC.AZ-a verilən məlumata görə, azad olunmuş daha bir şəhərdə - Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb.

Zəngilan şəhərində yararsız tikililərdən biri təmir olunaraq inzibati bina kimi istifadəyə verilib.

İşlərin operativliyini təmin etmək məqsədilə xidmət sahəsi xüsusi nəqliyyat vasitələri ilə təmin olunub.

Ötən müddətdə Zəngilan rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib. Şəhər ərazisində və bəzi kəndlərdə, eləcə də sərhəd məntəqələrində yerləşən hərbi bölmələrin su təchizatı sistemi araşdırılıb, mövcud magistral və şəbəkə su xətlərinin qəzalı hissələri təmir olunub.

Su ilə təmin olunmayan obyektlərin su təchizatı məqsədilə yeni xətlər çəkilib, zəruri yerlərdə hidrofor tipli nasoslar quraşdırılıb. Görülmüş işlər nəticəsində Zəngilan şəhərində və  kəndlərdə 34 yaşayış və qeyri-yaşayış obyekti  içməli su ilə təmin olunub.

Ötən müddətdə Qubadlı şəhərinin mövcud su təchizatı sistemi araşdırılıb, magistral və şəbəkə xətlərinin dağıdılmış hissələri bərpa edilib. Şəhər ərazisində 1 su anbarı, 2 suqəbuledici qurğu və 10 km müxtəlif diametrli su xəttləri bərpa olunub.

Hazırda Qubadlı şəhərində 70 yaşayış və  qeyri-yaşayış obyekti  içməli su ilə təmin olunur.