Azərsu abonentləri diqqətli olmağa çağırır

24.01.2022,12:51


24 yanvar, Fineko/abc.az. Bakı şəhəri Səbail rayonu ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

ABC.AZ  xəbər verir ki,  “Azərsu” ASC-yə məxsus geyimdə olan həmin şəxs M.Hüseyn küçəsindəki geyim mağazasında su sayğacının yuyulub təmizlənməsi və düzgün quraşdırılmasına görə 80 manat  alıb.

Həmin şəxslə təkrar əlaqə yaratmaq istədikdə isə onun təqdim etdiyi telefon nömrəsinin işləmədiyi məlum olub. Bundan sonra obyekt sahibi məsələ ilə bağlı “Azərsu” ASC-nin Səbail rayon sukanal idarəsinə müraciət edib. Aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, “Azərsu” ASC əməkdaşlarından vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər.