Füzulidə salınacaq “Ağıllı kənd”də 300 iş yeri yaradılacaq - Başqa nələr olacaq?

26.01.2022,16:04


26 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi daha bir rayonda “Ağıllı kənd” salınacaq.

ABC.AZ-ın məlumatına görə, bu dəfəki kənd Füzuli rayonunun Dövlətyarlı kəndində olacaq.

Bu barədə danışan millət vəkili Vüqar Bayramov Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşasının nəzərdə tutulduğunu qeyd edib.

"Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar inşa ediləcək. Kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması nəzərdə tutulub. Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.

Eyni zamanda Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq", - deyə deputat bildirib.