Agentlik güzəştli kredit verdiyi sahibkarlıq subyektlərinin monitorinqini aparacaq

15:56 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) güzəştli kredit verdiyi sahibkarlıq subyektlərinin monitorinqini aparacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanına etdiyi dəyişiklikdə öz əksini tapıb.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmanda deyilir ki, AKİA-nın müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir.

Belə sahibkarlıq subyektlərinə növbəti 3 il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir.

 

Bütün xəbərlər