Televiziyalar Prezidentin ayırdığı vəsaitləri necə istifadə edib?

10:52 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Bir müddət əvvəl Prezident İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına 4 milyon birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Milli Televiziya və Radio Şurası (MTRŞ) isə yaydığı açıqlamada bildirib ki, vəsait artıq səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb.

ABC.AZ xəbər verir ki, Report maliyyə yardımı alan bir neçə televiziyanın vəsaiti hansı istiqamətdə xərcləndiyi ilə maraqlanıb.

"Space" televiziyasının direktoru Müşfiq Hətəmov bildirib ki, vəsait televiziyanın hesabına köçüb: “Biz pulu aldıq və Bakı Teleqülləsinə və "Azərkosmos" ASC-yə olan borclardan ödədik. Prezidentin ayırdığı maliyyə yardımı televiziyalar üçün böyük dəstəkdir. Bizim borcumuz böyük idi, bu, çox əvəzsiz dəstək oldu. Yəqin ki, bu ildən o borclar olmayacaq”.

REAL TV-nin baş redaktoru Səbinə Ağayeva vurğulayıb ki, REAL TV həmin vəsaiti alıb: "Vəsait "Azərkosmos" ASC və Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat birliyinə (Teleradio İB) ödənilməklə televiziyanın borclarının silinməsinə xərclənib".

ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli qeyd edib ki, vəsait telekanalın hesabına köçürülüb: “Vəsaitin hansı istiqamətdə xərclənməsinə gəlincə, “Azerspace-1” peyki və digər vasitələrlə yayımın həyata keçirilməsinə yönəldilib. Yəni bu istiqamətdə xərclənməsinə qərar verilib”.

“ARB Media Qrup”un Mətbuat katibi Mail Əskərov bildirib ki, maliyyə yardımı təyinatı üzrə xərclənib: “Pul borcların silinməsi üçün “Azerspace-1” və Teleradio İB-nə yönləndirilib və artıq borc qalmayıb".

 

Bütün xəbərlər