“SDL Nobel” BP şirkəti ilə yeni müqavilə imzalayır

14:43 - 30.04.2018


“SDL Nobel” BP şirkəti ilə yeni 3-illik müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində SDL Nobel, BP şirkətinin Azərbaycanda quruda və dənizdə yerləşən qurğuları üçün metal konstruksiyaların istehsalı və quraşdırma xidmətlərini göstərəcək.

Yerli şirkət olaraq “SDL Nobel” öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədi ilə 2016-cı ildə yaradılıb.

SDL Nobel özünün birgə sahibləri olan Nobel Oil Services (UK) Limited və SDL Denholm Limited şirkətlərinin qabaqcıl yerli və beynəlxalq təcrübəsindən yararlanır.

“2004-cü ildən etibarən SDL Denholm Limited şirkətinin BP şirkəti ilə oxşar müqaviləsi olmuşdur və biz əminik ki, onun törəmə müəssisəsi “SDL Nobel” əvvəlki nümunəyə uyğun olaraq mövcud fəaliyyətlərin və iş həcmlərinin uğurla həyata keçirilməsini davam etdirəcək,” deyə “SDL Nobel” şirkətinin Baş Direktoru Piter Uoddel qeyd edib.

“SDL Nobel” neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Onun xidmətlər dairəsinə metal konstruksiya, texniki avadanlıqlar və obyektlərin quraşdırılması, istehsal edilmiş materialların təftişi, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.

 

Bütün xəbərlər