Bu halda cərimələnəcəksiz - Milli Məclisin komitəsində layihə hazırlanıb

16:14 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə müəyyən edilən yeni cərimələrlə bağlı layihə ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə qərar fevralın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclasında qəbul edilib.

Komitə sədri Sadiq Qurbanov bildirib ki, bugünkü iclasın müzakirəsinə ikinci oxunuşda olan “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələri çıxarılıb. Bildirilib ki, layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək. Müzakirələrin sonunda qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

 

Bütün xəbərlər