"Buta Airways”in biletləri AZAL-dan baha satılır?

12:23 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Sosial şəbəkələrdə Bakıdan İstanbula “Buta Airways” loukosteri ilə biletlərin milli daşıyıcı olan AZAL-la uçuşlardan daha baha olması ilə bağlı fotofakt yayılıb.

Belə ki, 22 fevral tarixində eyni şəhərə “Buta” ilə 289.80, AZAL-la isə 289.67 AZN-ə getmək olar.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, biletlərin qiymətini müqayisə etmək üçün biz də adıçəkilən hava yollarının saytında bilet axtardıq və eyni mənzərənin şahidi olduq.

Fevralın 23-ü tarixinə eyni istiqamətə 23 kq baqaj daxil bilet AZAL-la 297.40, “Buta” ilə isə 318.80 AZN-ə göstərir.

Hər iki hava yollarının təklif etdiyi aviabiletlərin müqayisəli qiyməti müzakirələrə səbəb olub.

Aşağı büdcəli aviaşirkətdən dəfələrlə ucuz bilet gözləntisi olsa da, bəzən eyni, bəzən isə hətta baha qiymət təklifi sərnişinlərdə narazılıq yaradıb.

Bildirilir ki, insanlar loukosterlərə ucuz və münasib tariflə bilet almaq üçün müraciət edirlər.

Nəzərə alsaq ki, aşağı büdcəli aviaşirkətdə yemək və digər xidmətlər AZAL-dan zəifdir, loukosterin daha baha olması sual doğurur.

Dəfələrlə bu məsələdə tənqid olunan milli aviadaşıyıcı isə bununla bağlı daha əvvəl də verdiyi açıqlamalarda qiymətlərin bu və ya digər istiqamət üzrə aviabiletin dəyərinin uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişməsi ilə əlaqələndirib.

Şirkətin açıqlamalarında qeyd olunur ki, aviabiletin dəyəri ən aşağı tarifdən ən yüksək tarifədək əvvəlcədən müəyyən edilir: “Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir”.


Bütün xəbərlər