Azərbaycan Xarici İşlər Nazirliyi və San-Marino “Anlaşma Memorandumu” imzaladılar

15:13 - 2.05.2018


2 may, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində San Marino Respublikasının Xarici İşlər üzrə Dövlət Katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın XİN-in məlumatında deyilir ki, tərəflər, iki ölkə arasında siyasi və iqtisadi əlaqələri möhkəmləndirmək üçün yüksək səviyyədə müntəzəm görüşlərin vacibliyini vurğuladılar.

Qeyd edildi ki, Azərbaycanla San Marino arasındakı ticarət əlaqələri hər iki ölkənin potensialına uyğun deyil, onların dərinləşdirilməsinin mümkünlüyü və biznes forumların keçirilməsinin vacibliyi müzakirə olundu.

Elmar Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda ətraflı danışdı, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı.

Görüş zamanı xarici işlər nazirləri kənd təsərrüfatı, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda nazirlər “Azərbaycan Xarici İşlər Nazirliyi ilə San Marino Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu” imzaladılar.

 

Bütün xəbərlər