TANAP qaz boru kəmərinin açılışı iyunun 19-da baş tutacaq

02.05.2018,16:02


2 may, Fineko/abc.az. Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi iyun ayının 19-da olacaq.

Bu barədə Türkiyə jurnalistlərinə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

O, qeyd edib ki,  TANAP-dan Türkiyəyə ilk qazın verilişi iyulun ilk həftəsində planlaşdırılmışdı, lakin Türkiyədə seçkilərin vaxtından əvvəl keçirilməsinə görə TANAP-ın açılış mərasimi iyunun 19-da olacaq.

TANAP “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Türkiyəyə və Avropaya qaz tədarükünü nəzərdə tutur. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan boru kəməri Türkiyə ərazisində tikilir və  “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.

17 mart 2015-ci il tarixində Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilmişdir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək, ondan 6 milyard kubmetr Türkiyəyə, qalan hissəsi isə Avropaya veriləcək. Türkiyə ərazisində qaz satışı ilə “BOTAŞ” şirkəti məşğul olacaq. Boru kəmərinin ümumi uzunluğu 1,850 km-dir.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr (Faza-0), Əskişəhər-Avropa sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 476 kilometrdir (Faza-1). Faza-1, 2019-cu ilin sonuna Avropa üçün qaz qəbul etməyə hazır olacaq.

Tikintisi 2015-ci ildə başlanmış 1850 kilometrlik TANAP qaz kəməri vasitəsi ilə ilk mərhələdə Türkiyəyə 6 milyard kubmetr qaz vurulacaq. 2020-ci ilin əvvəlində Transadriatik qaz boru kəməri (TAP) bu qaz boru kəmərinə birləşdiriləcək və bunun sayəsində TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrə çatacaq.

Növbəti mərhələdə ötürmə qabiliyyəti 31 milyard kubmetrə çata bilər.

Layihənin səhmdarları SOCAR (58%), BOTAŞ (30%) və BP-dir (12%).

 

Açar sözlər: TANAP