"Moody's": Azərbaycan yüksək xammal qiymətlərindən faydalanacaq və gəlirləri artacaq 

10:52 - 18.03.2022


18 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Moody's" Rusiya-Ukrayna krizisində ən çox ziyan çəkən ölkələrlə bağlı hesabat tipli açıqlama yayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, MDB məkanında Rusiyadan pul köçürmələrinin, ticarət dövriyyəsinin azalması və artan enerji qiymətləri fonunda bir çox ölkənin cari əməliyyatlar hesabı göstəriciləri pisləşəcək.

Cari hesabın defisitinin genişlənməsi birinci növbədə Gürcüstan, Moldova və Qırğızıstanda gözlənilir. Lakin agentlik onu da vurğulayır ki, Azərbaycan və Qazaxıstan sözügedən təsirlərdən əsasən qorunub: "Neft qiymətlərinin 2022-ci ildə orta hesabla 110 dollardan yuxarı olacağı ilə bağlı yeni baza gözləntimizə əsasən, karbohidrogen ixracından gözlənilməz gəlirlər Azərbaycanı ("Ba2", "müsbət") və Qazaxıstanı ("Baa2" "stabil") bu xarici təzyiqlərdən təcrid edəcək".

Bundan əlavə, "Moody's" bildirir ki, MDB üzrə zəif artım proqnozlarının gəlirlərə təzyiq göstərəcəyi gözlənilsə də, neft ixracatçıları olan Azərbaycan və Qazaxıstan əksinə daha yüksək xammallar qiymətlərindən faydalanacaq və bu ölkələrin gəlirləri artacaq.

Agentliyin ekspertlərinin fikrincə, Azərbaycan və Qazaxıstanın istənilən defisiti bağlamaq imkanları var. Belə ki, artan enerji qiymətləri buna şərait yaradır, həmçinin sözügedən ölkələr fiskal dayanıqlığını və valyuta ehtiyatlarını qoruyub saxlaya biliblər.

Bütün xəbərlər