Mərkəzi Bank faiz qərarı verdi - Uçot dərəcəsi belə oldu

15:03 - 18.03.2022


18 mart, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ötən toplantıdan bəri ölkədə illik inflyasiya tempi azalsa da geosiyasi və geoiqtisadi mühitdə fundamental dəyişikliklər inflyasiyanın xarici fonu ilə bağlı qeyri-müəyyənlikləri əhəmiyyətli dərəcədə artırıb.

Pandemiyanın dünya iqtisadiyyatına, ticarətinə, məşğulluğa və maliyyə bazarlarına təsirlərinin qismən stabilləşməyə doğru getdiyi bir dövrdə qeyri-müəyyən dinamikaya malik yeni situasiya qlobal inflyasiya risklərini yüksəldib.

Fevral ayının sonundan başlayaraq qlobal birja əmtəələrinin, xüsusilə də enerji daşıyıcılarının və taxıl məhsullarının qiymətləri tarixi rekordları yeniləyərək ortamüddətli qlobal inflyasiya proqnozlarına və onun milli iqtisadiyyata ötürücülüyü perspektivlərinə əhəmiyyətli təsir edib.

Bu şəraitdə ölkə iqtisadiyyatında qiymətlər səviyyəsinin yüksələn idxal qiymətlərindən təsirlənmə potensialı əhəmiyyətli artıb.

Bütün xəbərlər