Vəkillər Kollegiyasının üzvü Nəzrin Haqverdiyeva ilə müsahibə

11:13 - 7.04.2022


7 aprel, Fineko/abc.az. Vəkillər Kollegiyasının üzvü Nəzrin Haqverdiyeva ilə müsahibə. 

Red: Salam, müsahibə təklifimizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik. Öncəliklə, özünüz haqqında məlumat verə bilərsinizmi?

 N.H: Salam, mən, Nəzrin Haqverdiyeva, 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişəm. Mülki və ailə hüququ sahələrində 4 ilə yaxın müddəti əhatə edən məhkəmə təcrübəsinə sahibəm.

Red: Niyə məhz hakim, prokuror, müstəntiq deyil, vəkil olmağa qərar verdiniz?

 N.H: Düşünürəm ki, bu sual hazırda bütün hüquqşünaslarımız arasında aktualdır. Ölkəmizdə 2018-ci ildən bu günədək vəkilliyin keçdiyi inkişaf yolu göz önündədir. Vəkilliyə qəbul prosesi öz şəffaflığı, vəkillərin fəaliyyəti isə onların müstəqilliyinin təmin edilməsi ilə seçilir. Sözsüz ki, burada hörmətli sədrimiz Anar Bağırovun rolu xüsusi qeyd edilməlidir. Uzun illər ərzində bir o qədər də aktual və prestijli sayılmayan bu peşə sahəsi artıq bir çox hüquqşünasın arzusunda olduğu bir peşə sahəsinə çevrilib. Vəkillərin artmaqda olan sayı da dediklərimi təsdiqləyir.

Red: Sizin fikrinizcə vəkilliyin avantaj və dezavantajları nələrdir?

N.H: Vəkilliyin ən böyük avantajı vəkillərin öz fəaliyyətlərində müstəqil olması və bu fəaliyyətin çoxşahəliliyi ilə bağlıdır. Vəkil, təcrübəsində şablon işlərlə deyil, yeni və fərqli işlərlə qarşılaşaraq özünü inkişaf etdirə bilir. Vəkilliyin aşkar dezavantajları fikrimcə yoxdur. Vəkil üçün ən mühüm olan artan rəqabət şəraitində öz fəaliyyətini genişləndirə bilmək, özünü vəkil kimi doğrultmaqdır, bir sözlə, vəkil rəqabətə davamlılığını daim saxlamalıdır.

Red: Sizcə ölkəmizdə vəkillər öz fəaliyyətlərini həyata keçirmək üçün nə dərəcədə müstəqildirlər? 

 N.H: Vəkillər Kollegiyasının sədri Anar Bağırovun dəstəyi və səylərinin nəticəsidir ki, vəkillik institutu hazırda ölkədə ən müstəqil institutlardan biri kimi tanınır. Vəkillər qanunla nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edə bilir. Əlbəttə, bu, mövcud qanunvericiliyin gələcəkdə təkmilləşdirilməsinə zərurətin olmadığı mənasını vermir. Ümid edirik ki, zamanla bu istiqamətdə də müəyyən addımlar atılacaqdır.

Red: Hansı hüquq sahəsi sizin üçün daha maraqlıdır?

 N.H: Bütün hüquq sahələrində maraqlı normalar tapmaq mümkündür. Mənim üçün daha maraqlı olan mülki hüquq sahəsi isə öz genişliyi, müxtəlifliyi ilə bir çox sahələrdən seçilir. Bu sahədə olanlar həmişə yeni araşdırmalar aparmalı, normaların tətbiqi zamanı tez-tez yaranan fikir ayrılıqlarını analiz etməlidir.

Red: Sizə daha çox qanunvericiliyin hansı müddəalarının pozuntusu ilə bağlı müraciətlər olur?

 N.H: Təcrübəmdə daha çox müxtəlif xarakterli müqavilələrdən doğan şikayətlərlə rastlaşıram. Müqavilələr bağlayarkən diqqət yetirilməli məqamlar barədə cəmiyyətimizdə maarifləndirmə aparılmalıdır. Ümumiyyətlə, müqavilələrə cəmiyyətdə münasibət dəyişməlidir deyərdim. Çünki çox zaman müqavilələrə önəm verilmir və kağız parçası kimi yanaşılır. Bütün problemlər də buradan qaynaqlanır.

Red: Sizin fikrinizcə universitetlərdə hüquq təhsilini hansı yollarla təkmilləşdirmək olar?

 N.H: Fikrimcə universitetlərdə təhsil alan gələcək hüquqşünaslar imtahanları birmənalı şəkildə “open-book” formasında verməlidir. Bu zaman onlar gələcəkdə çox faydalı ola biləcək bacarıqlar əldə edə bilər. Test imtahanları, materialların əzbərlənməsi tələbələri daha bilikli etmir, əksinə, bu formada öyrənilmiş informasiya tez bir vaxtda unudulur. (injuria.az)


Bütün xəbərlər