Vergi Məsələləri üzrə menecer Pərvin Abbasov ilə müsahibə

13:14 - 22.04.2022


22 aprel, Fineko abc.az. Vergi Məsələləri üzrə menecer Pərvin Abbasov ilə müsahibə

RI: Salam, təklifimizi qəbul edib müsahibədə iştirak etdiyiniz üçün Sizə təşəkkür edirik. İlk öncə Sizi tanımaq istərdik, özünüz haqda məlumat verə bilərsinizmi?

PA: Salam, mən, Pərvin Abbasov, mühasibat uçotu və audit ixtisası üzrə ali təhsilə malikəm. Bu sahədə 10 ilə yaxın təcrübəyə və peşəkar mühasib sertifikatına (PMS) sahibəm.

RI: Niyə məhz başqa peşə sahələri deyil, mühasibatlıq/audit sahəsini seçdiniz?

PA: Hesab edirəm ki, ölkəmizin keçdiyi inkişaf yolu, bazar iqtisadiyyatının artan tempdə şaxələnməsi və fərqli sferalarda biznes subyektlərinin təşəkkül tapması bu peşəyə olan tələbi aktuallaşdırdığı qədər mühasib/auditorların da pristijini artırmışdır.

RI: İndi isə PMS haqqında məlumat verməyinizi xahiş edirəm.

PA: Öncəliklə, bildirmək istərdim ki, ölkəmizdə peşəkar mühasib kimi fəaliyyət göstərmək hüququnu əldə etmək üçün bir neçə tələb vardır. Belə ki, namizədlər, ilk öncə, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələrək peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmalı, daha sonra isə peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş peşəkar mühasib təşkilatlarından birinə üzv kimi qeydiyyatdan keçməlidir. Qeyd edilən məsələlər isə peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərinin dövlət reyestrinin aparılması qaydaları haqqında AR Nazirlər Kabinetinin 237 nömrəli qərarı ilə tənzimlənir. Bundan əlavə olaraq, qeyd edim ki, PMS-i əldə etmək istəyən namizədlər sertifikat imtahanından məqbul nəticə əldə etməlidirlər. PMS imtahanından müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı növ sertifikatlar verilir:

- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;

- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;

- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I səviyyə peşəkar mühasib sertifikatı;

- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə II səviyyə peşəkar mühasib sertifikatı.

Yuxarıda qeyd edilən sertifikatları əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:

  • mikro və kiçik sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;
  • iri və orta sahibkarlıq subyektlərində;
  • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən   publik hüquqi şəxslərdə (Dövlət və bələdiyyə tərəfindən yaradılan müəssisələr istisna olmaqla);
  • ictimai əhəmiyyətli qurumlarda;
  • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərdə (Dövlət və bələdiyyə tərəfindən yaradılan müəssisələr) və s.

RI: Sizin fikrinizcə, PMS-in əhəmiyyəti və üstünlükləri nələrdir?

PA: Aydındır ki, rəqabətin yüksək olduğu hazırkı iqtisadi mühitdə fəaliyyət göstərən təsərrüfat subyektləri üçün biznesin idarəedilməsində qərar qəbuletmə ən vacib amillərdən biridir. Biznes subyektlərində qərarvermənin əsası zəruri informasiya ilə təmin olunmadan keçir. Mühasibatlıq məlumatlarının iqtisadiyyatın “dili” olduğunu nəzərə alaraq deyə bilərik ki, nəzərdə tutduğumuz zəruri məlumatlar şirkətlərə mühasibatlıq tərəfindən təqdim edilir. Dolayısı ilə təsərrüfat subyektlərini həmin məlumatlarla təmin etmək üçün peşəkar mühasiblərə ehtiyac hər zaman duyulmaqdadır. Ölkəmizdə isə bu peşəkarlığı təsdiq edən əsas mənbə, təbii olaraq, PMS-dir. Ona görə də, şirkətlər mühasib vakansiyası elan edərkən, birmənalı olaraq, PMS-in olmasını namizədlər qarşısında tələb olaraq qoyurlar. PMS-in üstünlüklərinə gəldikdə isə, əlbəttə ki, PMS-i almış mühasiblər əmək bazarında mütləq üstünlüklərə malikdirlər və bu sertifikata sahib olmaları onlara hər zaman həmkarları arasında rəqabətə davam gətirə bilmələri üçün əsas vasitələrdən olacaqdır.

RI: PMS-i əldə etmək istəyən şəxslər hansı peşəkar biliklərə malik olmalıdırlar?

PA: Öncəliklə, bildirmək istərdim ki, PMS-i əldə etmək istəyən mühasiblər ikimərhələli imtahan prosesindən keçməlidirlər. İmtahanı uğurla keçib PMS-i əldə etmək istətən namizədlər I mərhələ üzrə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları; Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibat uçotu sahəsində mövcud olan qanunlar (“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunu, “Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi qaydaları”, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə təlimat”, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması qaydası”, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair qaydalar”, “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması qaydaları”, “Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydaları”) haqqında peşəkar biliklərə sahib olmalıdırlar. PMS-i əldə etmək istəyən namizədlər imtahanın II mərhələsindən uğurla keçmələri üçün qanunvericilik, yəni AR-nın Vergi Məcəlləsi, Büdcə sistemi haqqında AR-nın qanunu, AR-nın Əmək Məcəlləsi və AR-nın Mülki Məcəlləsi üzrə peşəkar bilikləri mənimsəməlidirlər.

RI: PMS imtahanı haqqında məlumat verə bilərsiniz?

PA: PMS imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. DİM sertifikatların hər bir növü üzrə imtahanlar üçün tapşırıqlar toplusunu və imtahanların aparılması texnologiyasını Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edir. Tapşırıqlar toplusu DİM tərəfindən Maliyyə Nazirliyinin tövsiyə etdiyi mütəxəssislər cəlb edilməklə tərtib edilir. DİM peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili ilə əlaqədar aşağıdakıları həyata keçirir:

  • imtahanların qrafikini müəyyən edir;
  • tapşırıqlar toplusunu mütəmadi olaraq ekspertizadan keçirir, hər il ən azı 20 faiz yeniləyir;
  • tapşırıqlar toplusuna dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə, xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;
  • imtahan tarixindən ən azı bir ay əvvəl sənəd qəbuluna dair elan verir;
  • imtahanın keçirilməsi ilə əlaqədar sənədləri qəbul edir;
  • imtahanın nəticəsi üzrə 15 gün müddətində peşəkar mühasib sertifikatları verir və s.

Biraz əvvəl qeyd etdiyim kimi sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları özündə əhatə edir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

- İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

- İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

- Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatının sertifikatına;

- İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

- Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Institute Of Public Finance & Accountancy) sertifikatına malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.

Qeyd etmək istərdim ki, imtahanda iqtisadi sahədə orta ixtisas təhsili və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olan və yaxud ali təhsilə sahib olan namizədlər iştirak edə bilərlər.

Sertifikatlaşdırma imtahanının hər bir mərhələsi test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının qapalı (yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları) və açıq (yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları) növləri vardır.

İmtahanın hər bir mərhələsində 40 test tapşırığı təqdim edilir. İmtahanın birinci mərhələsində təqdim olunan test tapşırıqlarından 30-u qapalı tipli, 10-u açıq tipli, imtahanın ikinci mərhələsində təqdim olunan test tapşırıqlarından isə 35-i qapalı tipli, 5-i açıq tipli test tapşırıqları olur.

İmtahanın ikinci mərhələsində bütün açıq tipli və qapalı tipli test tapşırıqlarının 15-i vergi qanunvericiliyi üzrə, digər test tapşırıqları isə aşağıdakı bölgü üzrə təqdim edilir:

- imtahanın birinci mərhələsi Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını əhatə etdiyi halda, 15 qapalı tipli test tapşırığı mülki qanunvericilik və 5 (beş) qapalı tipli test tapşırığı əmək qanunvericiliyi üzrə;

- imtahanın birinci mərhələsi İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarını əhatə etdiyi halda, 10 qapalı tipli test tapşırığı büdcə qanunvericiliyi, 5 (beş) qapalı tipli test tapşırığı mülki qanunvericilik və 5 (beş) qapalı tipli test tapşırığı əmək qanunvericiliyi üzrə.

İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.

Əlavə olaraq bildirim ki,  Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatlarını əldə etmək üçün namizədlər hər iki mərhələdən 50 və daha çox bal toplamalıdırlar.

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər isə hər iki mərhələ üzrə 35 və daha çox bal toplamalıdırlar.

İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla DİM tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. İmtahanın hər bir mərhələsi üçün ödəniş məbləği 50 manat məbləğində müəyyən edilir. Lakin imtahanın birinci mərhələsindən azad edilən namizədlər imtahanın yalnız ikinci mərhələsi üzrə ödəniş edir.

RI: PMS imtahanına hazırlaşmaq üçün hansı kursları tövsiyyə edə bilərsiniz?

PA: Düşünürəm ki, ölkəmizdə bu sahə üzrə öz sözünü demiş yetərincə peşəkar kurslar mövcuddur. PMS-i əldə etmək istəyən namizədlərə tövsiyyəm peşəkar kurslardan biri Baker Tilly Academy-dir. Baker Tilly Academy 2019-cu ildən fəaliyyətə başlamış və qısa müddət ərzində peşəkarlığı ilə mövcud bazarda öz yerini tapmışdır. Akademiyada bir çox istiqamətlərdə peşəkar təlimçilər tərəfindən təlimlər həyat keçirilir. Belə ki, mühasibatlıq, vergi, daxili audit, biznesin idarə edilməsi və qiymətləndirilməsi, PMS və s. təlimlər akademiya tərəfindən iştirakçılara təqdim olunur. Qeyd edim ki, təlimlərin mükəmməl səviyyədə keçirilməsi üçün akademiya tərəfindən iştirakçılara hər cür şərait yaradılmışdır. Təlimlər həftəsonları gün ərzində, həftəiçi isə axşam saatlarında keçirilir. Təlim mərkəzi və təlimlər haqqında məlumatları akademiyanın saytından (https://bakertillyacademy.az) və digər sosial media səhifələrindən (instagram, facebook və s.) əldə edə bilərsiniz.  

RI: Bəs PMS-İ əldə etdikdən sonrakı növbəti addım hansıdır?

PA: İmtahan prosesini uğurla keçib sertifikat əldə etmiş namizədlər Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarından birinin üzvü olmalıdırlar. Akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatları aşağıdakılardır:

  • “Professional Maliyyə Menecerləri Assosiasiyası” İctimai Birliyi;
  • “Azərbaycan Mühasiblər və risk peşəkarları Assosiasiyası” İctimai Birliyi;
  • “Gənc mühasiblər” İctimai Birliyi.

RI: Biznes subyektləri PMS sertifikatına sahib olmuş şəxslər haqqında məlumatı necə əldə edə bilərlər?

PA: Biznes subyektləri peşəkar mühasib sertifikatı almış şəxslər barədə məlumatı dövlət reyestrindən əldə edə bilərlər. Dövlət reyestri Maliyyə Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur. DİM peşəkar mühasib sertifikatı almış şəxslər barədə aylıq məlumatı hər növbəti ayın 15-dək Maliyyə Nazirliyinə təqdim edir və həmin məlumatlar 7 (yeddi) iş günü müddətində dövlət reyestrinə daxil edilir. PMS-i almış şəxsin üzv olduğu peşəkar mühasib təşkilatının adı Maliyyə Nazirliyinə təqdim etdikdən sonra həmin məlumat 5 (beş) iş günü müddətində dövlət reyestrinə daxil edilir.

RI: Son olaraq, izləyicilərimizə nə demək istərdiniz?

PA: İzləyicilərə davamlı olaraq inkişaf etmələrini, yeniliklərə açıq olmalarını və gələcək fəaliyyətlərində uğurlar və nəaliyyətlər əldə etmələrini arzu edirəm.

Bütün xəbərlər