330x110
 

İnsultun ilk simptomlarında nə etməli?

11.05.2018,11:20


 Insultda ilk 4-6 saat çox vacibdir...

11 may, Fineko/abc.az. Son zamanlar ən çox yayılan xəstəliklərdən biri də insultdur..

İnsult nədir, yaranma səbəbləri, əlamətləri və ilk tibbi yardım necə olmalıdır?

 İnsult beyin qan dövranın kəskin pozulması olub, əlillik və ölümə səbəb olan ağır xəstəliklərdən hesab olunur. İnsultlu xəstəyə  ictimai nəqliyyatda, əhalinin sıx toplandığı məkanlarda, yolda – hər yerdə rast gələ bilərik.  İnsultlu  şəxsə ilk 4-6 saat ərzində lazımi tibbi yardım göstərilsə tam sağalmaq mümkündür.

İnsult keçirən şəxslərin ilk simptomları sərxoş insanın hərəkətlərinə oxşar ola bilər. Yıxılaraq, səndələyərək gəzmək, aydın olmayan nitq həmişə sərxoşluğun əlaməti deyil. Bu üzdən çox diqqətli olmaq lazımdır. Belə bir şəxs gördükdə ona nə isə sual verin- o fikrini çatdıra bilməyəcək. Gülümsəməsini istəyin- üzün  bir tərəfi hərəkətsiz qalacaq.

Bu əlamətləri bir şəxsdə hiss etsəniz mütləq təcili yardım çağırın!!!

Arterial hipertoniya, qanda yüksək xolesterin, şəkərli diabet, siqaret çəkmək, artıq çəki insulta səbəb ola bilər.

 İnsultdan necə qorunmalı?

Sizə “hipertoniya xəstəliyi” diaqnozu qoyularsa, təyin edilən müalicə, pəhriz və rejimə ciddi riayət edin. Mütəmadi olaraq arterial təzyiqinizi ölçün – müalicə effektli olmazsa, bu haqda həkimə məlumat verin!

Ən azı ildə bir dəfə qanda xolesterin səviyyəsini yoxladın.

Qanda şəkər səviyyəsinə nəzarət edin, həkimin təyin etdiyi dərmanları vaxtında qəbul edin və pəhrizə riayət edin.

Artıq çəkinizi azaltmağa çalışın – yağlı və duzlu yeməkləri meyvə və tərəvəzlə əvəz edin. Zülala tələbatı yağsız süd məhsulları, balıq və toyuq əti ilə ödəyin.

Açar sözlər: İnsult