Bundan sonra Avtovağzaldan kənarda sərnişin daşınma olmayacaq - Qadağa

11:10 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

"Təəssüf ki, Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələri şəhərin digər nöqtələrində toplaşması halları var. Bu problemin aradan qaldırılması üçün işlər aparılır", - R.Hümmətov bildirib.

Onun sözlərinə görə, regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda – şəhərin müxtəlif nöqtələrində toplaşması uzun illər ərzində yaranmış bir problemdir və bunu aradan qaldırmaq üçün müxtəlif istiqamətlərdə işlər aparırıq: "İlkin olaraq, avtovağzalların, ümumiyyətlə şəhərlərarası sərnişindaşıma sahəsinin monitorinqini keçirdik. Nəticədə ciddi nöqsanlar aşkar edildi. Avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırladıq. Həmin tədbirlər planına əsasən respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur".

Bütün xəbərlər