Quru sərhədləri bu halda açılacaq - Deputat

10.05.2022,10:20


10 may, Fineko/abc.az. Azərbaycanda maska tələbi və digər pandemiya məhdudiyyətləri ləğv olunsa da, quru sərhədlərinin açılması ləngiyir. Qonşu Rusiya, Gürcüstan, Türkiyə pandemiyadan sonra quru sərhədlərini açaraq, insanların ölkə xaricinə çıxışını asanlaşdırıb. Lakin bizdə epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, sərhəd qadağası nədənsə hələ də qalır.

Bu durum xaricə getmək istəyən və ölkəmizə qayıtmağa çalışan soydaşlarımıza problem yaradır, eyni zamanda turistik səfərləri əngəlləyir. Qarşıdan yay fəslinin gəldiyini nəzərə alsaq, turizmin yenidən dirçəldilməsi üçün quru sərhədlərinin açılması qaçılmazdır.

Bəs hökumət bununla bağlı hansı addımları atacaq? Sərhədlər açılacaqmı?

ABC.AZ xəbər verir ki, bununla bağlı Modern.az-a danışan Milli Məclisini deputatı Vüqar Bayramov quru sərhədlərin açılmasının ən çox müzakirə olunan mövzulardan birinə çevrildiyini deyib. “Bir müddət öncə quru sərhədlərin açılmasını təklif etmişdik. Xüsusən turizm mövsümünün başlanıldığını nəzərə alsaq, quru sərhədlərin açılması istiqamətində addımların atılması məqsədəuyğun olardı. Mərhələli şəkildə quru sərhədlərin açılmasını təklif edirik. Təklif etsək belə bu haqda qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir. Epidemoloji vəziyyət nəzarət altındadır, yoluxma sayı kifayət qədər azdır. Praktiki olaraq əksər mühüm qadağalar ləğv edilib. Asya ölkələri və Çində yenidən qapanma ilə bağlı qərarlar verilir, ancaq regionda vəziyyət stabil olaraq qalır. Hesab edirəm ki, quru sərhədlərin açılması qərarı Azərbaycan və regiondakı epidemoloji vəziyyət nəzərə alınaraq veriləcək”, - parlamentari vurğulayıb.