Biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb

11:29 - 11.05.2022


11 may, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb.

Fonddan ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.

İlkin olaraq, aşağıdakı emal məhsullarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlərin subsidiyalaşdırılması həyata keçiriləcək:

-Şəkər tozu istehsalı;

-Günəbaxan yağı istehsalı;

-Marqarin istehsalı;

-Kərə yağı istehsalı;

-Un istehsalı;

-Makaron məmulatlarının istehsalı.

Bu sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri xammal tədarükü ilə bağlı 2022-ci ildə aldıqları kreditlərin subsidiyalaşdırılması üçün krediti verən təşkilata müraciət edə bilərlər.

 

Bütün xəbərlər