Ötən il əmək müqavilələrinə xitam verilmiş 34 nəfər əvvəlki işlərinə qaytarılıb – Hesabat

11:58 - 11.05.2022


11 may, Fineko/abc.az. Ötən il 1508 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

ABC.AZ xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Hesabata əsasən, törədilmiş inzibati xətaya görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 2,8 milyon manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

Tətbiq olunmuş cərimələrdən 1 milyon manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Görülən tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi gecikdirilən 1,3 milyon manat məbləğində vəsaitin, onlardan 98,5 faizi əməkhaqqı, 0,9 faizi zərərə görə ödənc, 0,6 faizi sosial müavinət və kompensasiya olmaqla ödənilməsi təmin edilib.

Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 34 nəfər öz əvvəlki işlərinə bərpa edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər