Azərbaycan "Qarabağ" brendi ilə balın Avropaya ixracına hazırlaşır

16:01 - 11.05.2022


11 may, Fineko/abc.az. Azərbaycan balının, eyni zamanda, azad edilmiş ərazilərdə istehsal edilmiş balın “Qarabağ” brendi adı altında Avropa İttifaqı ölkələrinə ixracı gözlənilir.

ABC.AZ “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinə arıçılıq məhsullarının ixracı üçün xüsusi icazələrin alınması tələb olunur: “Hazırda biz heyvan mənşəli qidaların ixracını həyata keçirə bilmirik. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çalışır, Aİ ölkələrinə bal ixracına icazə almaq istəyir. Hazırda danışıqlar aparılır ki, məhdudiyyətlər aradan qaldırılsın. Müsbət cavab artıq verilib, bununla bağlı Aİ ölkələrindən ekspertlər gəlib əraziləri yoxlayacaqlar, balın süzülmə prosesini, qablaşdırma yerlərini nəzarətdən keçirəcəklər. Bundan sonra, Aİ ölkələrinə bal ixracına icazələr veriləcək”.

B.Həsrətov deyib ki, torpaqlarımız azad edilməmişdən əvvəl ermənilər “Kalbajar” adı altında ərazilərimizdə istehsal edilmiş balı Avropaya göndərirdilər: "Biz aktivləşsək, erməniləri dünya bazarından çıxara bilərik”.

Onun sözlərinə görə, ötən il ölkədə 7 min ton bal süzülmüşdü: “Bu il isə daha çox bal süzümünü gözləyirik, hədəfimiz 10 min tondur. Ümumiyyətlə, ölkədə istehsal həcminin artmasını gözləyirik. Qarabağda istehsal edilən bal gələcəkdə Azərbaycanın ümumi bal istehsalının 30 %-ini təşkil edə bilər”.

B.Həsrətov qeyd edib ki, hazırda Kəlbəcərə arı ailələrin köçürülmə prosesi davam edir: “Kəlbəcər, Laçın rayonlarına təxminən 20 mindən çox arı ailələrinin köçürülməsi nəzərdə tutulur. Ötən il köçürülən arı ailələrin sayı 2 min idi. Xocəvəndə də arı ailələrinin köçürülməsi üçün artıq müraciətlər var, həmçinin icazələr də var. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həmin ərazilərə köçəcək arıçı fermerlərə təlim keçir. Bundan sonra, arıçı fermerlərə ərazilərə köçmək üçün icazələr verilir".

O bildirib ki, azad edilmiş ərazilərə böyük həcmdə arıçılıq təsərrüfatları köçürülür.

Xatırladaq ki, Kəllbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatıb.

Bütün xəbərlər