Ötən 4 ayda qeyri-neft ixracımızın dəyəri artıb - 38 faizdən çox

17:04 - 11.05.2022


11 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 38,5% çox - 965,5 milyon ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ABC.AZ-a daxil olan məlumata görə, son 1 ildə qeyri-neft ixracının tərkib hissəsində hərəkətverici məhsullar orta və daha dərin emal edilmiş məhsullarla əvəz edilməyə başlayıb.

"Habelə, “zəngin məhsullar zəngin ölkələr üçün” prinsipini nəzərə alsaq, qeyd edilən emal məhsullarının Avropa İttifaqı ölkələrinə, habelə digər sənayeləşmiş ölkələrə ixracının şaxələndiyini müşahidə edə bilirik. Xüsusilə, üzvi kimya sənayesi strukturunda yer alan metanol, plastmas və onlardan hazırlanan məmulatlar qrupuna daxil olan ilkin formalı polietilen və ilkin formalı polipropilen, ilkin formalı propilen sopolimerləri, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr qeyri-neft ixracının artımında həlledici rol oynayıb. 2022-ci ilin yanvar-aprel ayları üzrə kimya sənayesi məhsullarının ixracının ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfəyə yaxın artması da təsadüfi deyil. Belə ki, ötən ilin ilk 4 ayı ərzində kimya sənayesi üzrə ixrac 13,1 milyon ABŞ dolları təşkil edib. Artımın əsas səbəbi pandemiyanın əhatə dairəsinin yumşaldılması, ertələnən xarici tələbin canlanması, ixrac edilən üzvi kimya məhsulları üçün aralıq məhsul rolunu oynayan əmtəələrin dünya bazar qiymətlərinin artımı ilə əlaqədardır", - deyə qurumdan bildirilib.

Bütün xəbərlər