“Meymun çiçəyi” virusuna qarşı vaksinasiya mövcuddur - TƏBİB

16:58 - 20.05.2022


20 may, Fineko/abc.az. "Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “meymun çiçəyi” çiçək xəstəliyinin bir növüdür. İnsandan insana yoluxma faktı daha azdır".

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu fikirləri TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Xəstəliyin Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya və Portuqaliyada qeydə alındığını xatırladan şöbə müdiri bildirib ki, Azərbaycanda “meymun çiçəyi” ilə yoluxma halları aşkarlanmayıb.

Onun sözlərinə görə, bu simptomla bağlı heç bir müraciət daxil olmayıb.

TƏBİB rəsmisi qeyd edib ki, “meymun çiçəyi” virus mənşəli xəstəlikdir:

"Çiçək virusuna nisbətən meymun çiçəyi virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, həmçinin yoluxduruculuq qabiliyyəti də daha zəifdir. Bu virusa qarşı vaksinasiya mövcuddur. Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir. Spesifik müalicəsi yoxdur, adətən 2-4 həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edilir".

Bütün xəbərlər