Bankların verdiyi kreditlərin faizləri azaldılacaq

16:30 - 25.05.2022


25 may, Fineko/abc.az. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bankların verdiyi kredit və tətbiq edilən faizlərdən danışıb.

ABC.AZ xəbər verir ki, nazir müavini bank sektorunun iqtisadi inkişafa öz təsirini göstərməli olduğunu vurğulayıb.

S.Həsənova qeyd edib ki, kredit faizləri ilə bağlı məsələlər bu qəbildəndir.

"Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək. Bununla əlaqədar yeni mexanizm tətbiqi ilə bağlı təkliflər vermişik və təkliflər artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək”, - deyə S.Həsənova bildirib.

Nazir müavini ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmlərinin hazırlandığını da qeyd edib.

"Bu, inflyasiya ilə əlaqədar xüsusi proqramdır. Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir. Nazirlər Kabineti tərəfindən fevral ayında antiinflyasiya tədbirləri ilə bağlı sərəncam imzalanıb. Burada bəzi məsələlər artıq öz həllini tapır", - deyə S.Həsənova bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər