Təəssüf ki, hələ də elə əmlak sahibləri var ki, öz əmlakına yönəlmiş risklərin fərqində deyi - Azər Əliyev

26.05.2022,11:38


26 may, Fineko/abc.az. Təəssüf ki, bu gün hələ də elə əmlak sahibləri var ki, öz əmlakına yönəlmiş risklərin fərqində deyil və bütün bu proseslərə mühafizəkar yanaşır. Biz bunu aktiv müşahidə edirik.

Bunu ABC.AZ-a Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev müsahibəsində bildirib.

ASA sədri qeyd edib ki, məhz buna görə də ümumrespublika səviyyəsini əhatə edən sığorta maarifləndirməsi ilə bağlı layihəyə start vermişik.

"2021-ci ildən etibarən 3 illik maarifləndirmə layihəsinə start vermişik. 3 illik layihənin hər ili bir istiqamətə həsr olunur. Biz artıq layihənin birinci mərhələsini yekunlaşdırıb, ikinci mərhələyə başlamışıq. Layihənin birinci mərhələsində mövcud və potensial sığortaolunanlarda risk fərqindəliyinin formalaşdırlması, sektor və müxtəlif istiqamətlər üzrə risk fərqliliyinin mövcudluğu ilə bağlı geniş təbliğat və bilgiləndirmə işləri aparıldı. Əminliklə qeyd etmək istəyirəm ki, məhz bu layihənin ilk etapının uğurlu nəticəsi idi ki, yerli sığorta bazarı 2021-ci ili 16%-lik böyümə ilə başa vurdu və sığorta sektorunun ÜDM-dəki payı 1%-ə yüksəldi.

Bu ildən layihənin növbəti mərhələsinə başlamışıq. İkinci mərhələdə başlıca istiqamətimiz əhalini sığorta sinifləri ilə geniş tanış etməkdir. Bu maarifləndirmə layihəsinin ikinci mərhələsinin ilk etapı da elə məhz Daşınmaz əmlakın icbari sığortasına həsr olunub. Biz artıq 5 aydır ki, ictimaiyyəti əmlak riskləri və daşınmaz əmlak sığortası ilə bağlı maarifləndiririk. Layihəmizin daşınmaz əmlak sığortasına həsr olunmuş maarifləndirmə işləri artıq öz müsbət təsirini göstərməyə başlayıb. Belə ki, bu növ üzrə yığımlarda stabil artım tempi təmin olunmaqdadır. Əvvəlki suallarda qeyd etdiyiniz yanvar-aprel aylarını əhatə edən həmin icmaldan da görürük ki, bu növ üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 2.2 milyon manat artaraq 30.1 milyon manata yüksəlib. Bu, sevindirici haldır.

Təbii ki, sığorta vərdişlərinin formalaşdırılması prosesi tədricən və mərhələli şəkildə baş verir. Bu prosesin sürətləndirilməsi və vətəndaşlarda sığorta vərdişlərinin əsaslı şəkildə formalaşdırılması üçün biz sığortaçılar bütün imkanlarımızla çalışırıq və çalışacağıq", - deyə A.Əliyev qeyd edib.

Müəllif: Elmir Murad