Yeni nazir Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətindən narazıdır

11:12 - 16.05.2018


16 may, Fineko/abc.az. Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəlaiyyətinə həsr olunmuş müşavirə keçirib.

İclas zamanı nazir bildirib ki, fondun fəaliyyəti qənaətbəxş deyil və sosial təminat növlərini müəyyənləşdirərkən, vətəndaşlara daha diqqətlə yanaşmaq və süründürməçiliyə yol verməmək vacibdir.

“Azərbaycanda ASAN xidmət modeli mövcuddur ki, Fondun yerli orqanlarında bu müasir, mədəni xidmət təcrübəsindən istifadə edilə bilər. Vətəndaşlarla kobud münasibətə yol verilməsi halları aradan qaldırılmalı, müvafiq hallarda insanlara qanunvericiliyin tələbləri barədə sadə və aydın şəkildə dolğun izahatlar verilməldir”, - nazir bunu deyib.

Onun sözlərinə əsasən, sosial sığorta daxilolmaların təminatı Fondun fəaliyyətinin əsas məqsədlərindən biridir, lakin bu sahədə çatışmazlıqlar da var.

“Fond həmin istiqamətdə fəaliyyətini gücləndirməli, eyni zamanda,  proqnozların düzgün, reallığa əsaslanan şəkildə tərtib edilməsini də vacib şərt kimi diqqətdə saxlamalıdır. Debitor borcların yaranması hallarına yol verilməməli, sosial sığorta ödəyicilərinə münasibətdə subyektiv, qeyri-bərabər yanaşmaya son qoyulmalı, bütün səylər də qanunla ödənilməli olan sosial sığorta vəsaitlərinin ödənilməsinə yönəlməlidir”, - deyə Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, ölkəmizdə pensiyaçıların sayının getdikcə artmasına uyğun olaraq, sosial sığorta haqları üzrə yığım səviyyəsi də yüksəlməlidir. İlk növbədə, Fondun fəaliyyət sahəsində inzibatçılığın gücləndirilməsi təmin olunmalıdır ki, bu da sistemli islahatlar üçün formalaşdırılması cəhətindən vacibdir..

Sahil Babayev pensiya təyinatı ilə bağlı məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib.

 


Bütün xəbərlər