“Azərsu” Xızıda su təminatının yaxşılaşdırılması layihəsinin icrasına başladı

16:14 - 16.05.2018


16 may, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC ölkənin regionlarında su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üzrə tədbirləri davam etdirir.

“Azərsu” ASC-in məlumatında deyilənə əsasən, dövlət investisiya proqramı çərçivəsində Xızı rayonunun Yeni Yaşma yaşayış məntəqəsinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrası başlanmışdır.

“Layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma qəsəbəsinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəmərinin tikintisinə başlanılıb. Bununla paralel olaraq kənddə 9,7 km uzunluğunda yeni içməli su şəbəkəsi yaradılır və hər bir ünvana birləşmə verilərək 350 ədəd sayğac quraşdırılacaq. Artıq su xətlərinin 7 km-dən çox hissəsi inşa edilib. Kəndin relyefi nəzərə alınaraq 2 ədəd hidrofor tipli nasosun quraşdırılması layihələndirilib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, layihənin başa çatmasından sonra 2 600 abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri yaxşılaşdırılacaq.

 

Bütün xəbərlər